SOCAR-ın yanacaqdoldurma məntəqələrində satılacaq CNG ilə 600 manat qənaət imkanı yaranacaq

2018-ci ilin ikinci rübündən etibarən “SOCAR PETROLEUM” QSC “SOCAR” brendi ilə fəaliyyət göstərən bütün yanacaqdoldurma məntəqələrində Azərbaycanın pərakəndə yanacaq satışı bazarında ilk dəfə olaraq  müştərilərə qiymət baxımından daha sərfəli olan alternativ nəqliyyat yanacağı kimi sıxılmış təbii qazın (STQ – beynəlxalq miqyasında CNG, yəni “Compressed Natural Gas”)  satışı və avtomobillərin STQ ilə çalışması üçün xüsusi avadanlıqların quraşdırılması xidmətini həyata keçirəcək. Belə ki, xüsusi yaradılmış servis mərkəzlərində avtomobillərə İtaliya istehsalı olan keyfiyyətli, təhlükəsiz STQ qurğularının quraşdırılması nəzərdə tutulur.

Təklif olunacaq bu xidmət üçün qeydiyyat artıq başlayıb.

Qeyd edək ki, ənənəvi yanacaq növlərindən fərqli olaraq STQ  neft deyil, təbii qaz əsasında istehsal olunur. Bununla da təhlükəsiz və ekoloji baxımından təmiz olan STQ yanacağı ənənəvi yanacaq növlərindən həm də qiymət baxımından daha sərfəlidir. Mütəxəssislərin hesablamalarına görə, STQ ilə işləyən avtomobillərin yanacaq sərfiyyatı hər 10 min kilometr məsafə üçün 600 manat vəsaitə qənaət etməyə imkan verə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır