SOCAR-ın yanacaqdoldurma məntəqəsi istifadəyə verilib

SOCAR Ruminiyanın əsas turizm mərkəzlərindən biri olan Braşov şəhərində yanacaqdoldurma məntəqəsi istifadəyə verib. Bununla da bu ölkədə SOCAR brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 37-ə çatıb.

Braşov məntəqəsində quraşdırılan 3 sayğac 4 kiçik və 2 böyük avtonəqliyyat vasitəsinin eyni zamanda yanacaqla təmin olunmasına imkan yaradır. Burada NANO 95 və NANO 98 (benzin), NANO Dizel və NANO Super Dizel tipli yanacaq məhsullarının satışı həyata keçirilir. YDM-də müştərilər tərəfindən müxtəlif ödənişlərin edilməsi məqsədilə xüsusi avadanlıqlar quraşdırılıb. YDM ərazisindəki kafedə Azərbaycan məhsulları və pulsuz internet xidməti təklif olunur.

Qeyd edək ki, SOCAR Ruminiyanın artıq 18 rayonunda – Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Bistritsa-Nasaud, Sibiu, Argeş, Buxarest və Braşovda yanacaqdoldurma məntəqələrinə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır