“SOCAR Methanol” MMC yeni istehlak məhsulunun – analitik metanolun istehsalına başlayıb.
Bununla da Azərbaycanın qaz kimya sənayesində ilk dəfə olaraq, son istehlak məhsullarının istehsalına start verilib. Analitik metanoldan laboratoriyalarda kimyəvi reaktiv kimi istifadə edilir. Hazırda “SOCAR Methanol” MMC analitik metanolu alıcılara müxtəlif həcmli taralarda təqdim edir. Artıq bir neçə yerli şirkətlə müqavilələr bağlanmış və ilkin satış həyata keçirilmişdir. Əlamətdar haldır ki, “SOCAR Methanol” MMC-nin istehsal etdiyi analitik metanol məhsulu SOCAR brendi altında “Made in Azerbaijan” markası ilə buraxılır. SOCAR daxili bazarla yanaşı Türkiyə, MDB və Qərbi Avropa ölkələrində fəaliyyət göstərən laboratoriyaları da analitik metanolla təmin etmək iqtidarındadır.
Beynəlxalq standartlara əsasən, təmizlik dərəcəsi 99,90 %-dan çox olan metanol, analitik metanol kimi istifadə edilə bilər. SOCAR-ın istehsal etdiyi məhsulun təmizlik dərəcəsi 99,98% təşkil edir. Məhsulun keyfiyyəti həm daxili kimyəvi laboratoriya və həm də beynəlxalq nüfuza malik olan təftiş şirkətləri tərəfindən mütəmadi yoxlamadan keçirilir.
“SOCAR Methanol” MMC-nin baş direktoru Elnur Mustafayev bildirib: “Bu gün analitik metanol istehsalının başlanması ilə ölkəmizin emal sənayesində yeni bir səhifə açılır. Bu günə qədər SOCAR qaz-kimya sənayesində aralıq məhsullarını istehsal edirdisə, artıq bu sahədə son istehlak məhsulunun istehsalına da başlanılıb. Bununla da SOCAR inteqrə olunmuş beynəlxalq şirkətə çevrilmək yolunda daha bir mühüm addım atıb.”