Aprelin 13-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun Neftçala Sənaye Zonasında sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumu keçirilib.
Forumda 80- ə yaxın sahibkar iştirak edib. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, indiyədək Neftçala rayonundan olan 240-dək sahibkara 11 milyon manatadək güzəştli kredit verilib. Bildirilib ki, dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, son illər 160-a yaxın müasir sənaye müəssisəsinin maliyyələşdirilməsinə 510 milyon manat güzəştli kredit verilib.
Bundan əlavə, sənaye zonasında dövlətin güzəştli krediti hesabına plastik tara istehsalı üzrə investisiya layihəsinin maliyyələşdirilməsi müzakirə olunur.
İşgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 5,3 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, pambıq əkini və emalı müəssisəsinin yaradılması, heyvandarlıq, tərəvəzçilik sahələrinin inkişafına yönəldiləcək və bu investisiya layihələrinin reallaşdırılması 200-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq.
Forum çərçivəsində Neftçala Sənaye Zonasında ildə 25 min ton balıq yemi istehsal etmək gücündə olan müəssisədə avadanlıqların quraşdırılması işlərinə baxış keçirilib.