Sosial hüquqlar sisteminin Avropa Sosial Xartiyasına uyğun təkmilləşdirilməsi müzakirə olunub

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkədə səfərdə olan Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş Direktorluğunun Avropa Sosial Xartiyası departamentinin müdiri, Sosial Hüquqlar üzrə Avropa Komitəsinin icraçı katibi Reji Briya ilə görüş olub.
BBN.az ƏƏSMN-nə istinadən xəbər verir ki, görüşdə Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes də iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Azərbaycan sosial dövlət olaraq, sosial hüquqlar sistemini və bu hüquqların müdafiəsi mexanizmini müasir dünya təcrübəsi əsasında, mütərəqqi beynəlxalq normalar əsasında təkmilləşdirir. Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunduqdan qısa müddət sonra, 2001-ci ilin oktyabr ayında insanların sosial və iqtisadi hüquqlarının qorunması üzrə Şura çərçivəsində regional beynəlxalq müqavilə olan Avropa Sosial Xartiyasına qoşulması da bunu aydın şəkildə göstərir. Ötən müddətdə ölkəmiz 31 maddədən və əlavələrdən ibarət olan Xartiyanın mütləq xarakter daşıyan əsas maddələrini, ümumilikdə 18 maddəsini ratifikasiya edib”.
R.Briya ölkədə aparılan sosial siyasətin ildən-ilə güclənməsinin, həssas əhali qruplarının təminat səviyyəsinin getdikcə artırılmasının, onların sosial hüquqlarının təmin edilməsinin, həmçinin Avropa Şurasının sosial birlik prinsiplərinin diqqətdə saxlanmasının təqdirəlayiq olduğunu bildirib.
Qeyd edək ki, görüş Azərbaycanda sosial hüquqlar sisteminin Avropa Sosial Xartiyasının maddələri əsasında təkmilləşdirilməsi üzrə görülən işlərə və bu sahədə gələcək vəzifələrə dair fikir mübadiləsi ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır