Sosial xidmətlər sahəsində UAFA ilə gələcək fəaliyyət istiqamətləri müzakirə olunub

Ölkədə sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya yönümlü sosial xidmətlər sisteminin əsas məqsədi belə uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, eyni zamanda, həmin müəssisələrdəki uşaqların səmərəli reabilitasiya xidmətləri, de-institusionalizasiya tədbirləri vasitəsilə yenidən doğma ailə mühitinə qaytarılmasıdır. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) rəhbəri Qven Börçel ilə nazirlikdə keçirilən görüşdə bildirib.

S.Babayev vurğulayıb ki, dövlətin sosial siyasətində sağlamlıq imkanları məhdud uşaqların sağlamlıqlarının bərpası, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası xüsusi yer tutur. Hazırda nazirliyin tabeliyindəki 1 və 2 saylı sosial xidmət müəssisələrində 330-dan çox sağlamlıq imkanları məhdud uşaq daimi dövlət təminatındadır. Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində hər iki müəssisədə nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb. İlk növbədə həmin müəssisələrdə uşaqların ətraf mühitə uyğunlaşmalarına mane olan funksional çatışmazlıqların, davranış problemlərinin aradan qaldırılması üçün sistemli reabilitasiya işlərinə xüsusi önəm verilir. Bu kimi işlər, həmçinin de-institusionalizasiya tədbirləri cari ildə də hər iki müəssisədən 21 nəfər uşağın doğma ailə mühitinə qayıtmalarına imkan verib.

S.Babayev nazirliyin sifarişləri əsasında icra olunan və 4 mindən çox uşağı əhatə edən sosial xidmət layihələri, həmin layihələr çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlara göstərilən sosial xidmətlər, yaradılan günərzi qayğı və icma əsaslı reabilitasiya mərkəzləri barədə məlumat verib. O, DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərinin yaradılması yönündə aparılan işləri də qeyd edib, bu mərkəzlərdə nazirlik üzrə 124 xidmətlə yanaşı, günərzi sosial xidmətlərin göstərilməsinin, sosial xidmətlər üzrə təlimlərin təşkilinin də nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Nazir qeyd edib ki, ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya yönümlü sosial xidmətlərin təşkili və bu sahədə imkanların artırılması, institisional və praktik iş mexanizmlərinin təkmilləşdirilməsi, İcma Əsaslı Reabilitasiya və de-institusionalizasiya prosesinin güclənməsi  işlərində Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) ilə əməkdaşlıq müstəvisində icra olunan layihələr mühüm önəm kəsb edir.

Xanım Q.Börçel Azərbaycanda sosial xidmətlər sisteminin inkişafı, uşaqlara yönələn reabilitasiya məqsədli sosial xidmətlərin genişləndirilməsi üçün aparılan işlərdən və bu sahədə nazirliyin UAFA ilə fəal əməkdaşlığa önəm verməsindən məmnunluğunu ifadə edib. O, birgə layihələrin davam etdirilməsində, habelə sosial xidmətlər üçün strategiya planının hazırlanmasında və digər müvafiq istiqamətlərdə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Görüş zamanı icma əsaslı reabilitasiya xidmətlərinin təkmilləşdirilməsi, sosial xidmət müəssisələrindəki sağlamlıq imkanları məhdud uşaqların müəssisə qayğısından ailə qayğısına keçidinin dəstəklənməsi, sosial xidmətlər üzrə işçi heyətinin davamlı təlimi və peşəkarlığının artırılması, strateji planlaşdırma, DOST layihəsi üzrə müvafiq xidmətlərin göstərilməsi və s. məsələlərə dair fikir mübadiləsi aparılıb, nazirliyin sosial xidmətlər sahəsində UAFA ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır