Startap layihələrinə dəstəyin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb

28 fevral 2019-cu il tarixində Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Startap layihələrinin dəstəklənməsi və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi” mövzusunda Konfrans keçirilib. Konfransda müvafiq dövlət qurumlarının, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının, startap layihələrinin dəstəklənməsi ilə birbaşa əlaqədar olan qurumların nümayəndələri, iş adamları və gənc startapçılar iştirak edib.

Tədbirdə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov diqqətə çatdırıb ki, ölkədə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı Prezident cənab İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindəndir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, gənclərin intellektual və yaradıcı potensialının, biznes ideyalarının reallaşdırılması üçün dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, onlara daha əlverişli şərait yaradılması, xüsusilə regionlarda yaşayan gənclərin iqtisadi sahədə fəallığının artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Gənclərin sosial-iqtisadi həyatda daha fəal iştirakının stimullaşdırılması onların innovativ yanaşmalar və biliklər əldə etməsini şərtləndirir.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Elçin İbrahimov ölkədə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafı məqsədilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyəti barədə məlumat verərək Agentliyin hazırda regionlarda fəaliyyət göstərən “KOB Dostu” vasitəsilə sahibkarlara məsləhət, informasiya və digər xidmətlər göstərdiyini, müxtəlif dəstək mexanizmlərinin, eləcə də “KOB evi”nin yaradılması, ölkə regionları üzrə “KOB Dostu” şəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır