3-14 sentyabr 2018-ci il tarixlərində Koreya Respublikasının Dayjon şəhərində statistik məlumat bazasının və xidmət sisteminin yaradılmasına dair təlim keçirilir. Təlimdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bir qrup əməkdaşı təmsil olunur.
Koreya Statistika Komitəsi tərəfindən təşkil edilən tədbirin əsas məqsədi Koreyanın statistik məlumat bazaları və onların idarə olunması, statistik informasiya və istehsal sistemləri üzrə məlumatların ötürülməsi sahəsində Azərbaycanlı mütəxəssislərə təlim təşkil etmək, eyni zamanda bu sahədə statistika qurumlarının təcrübələrini bölüşməkdir. Təlimin gündəliyinə əsasən Koreya milli statistika sisteminin strukturu, JAVA proqramlaşdırma dili, SQL, metaməlumatların idarə olunması sistemi üzrə aktual məsələlərə dair məlumatlar veriləcək, statistik məlumat bazalarının yaradılması, onların idarə olunması sahəsində təcrübələr, mövcud çətinliklər və bu istiqamətdə planlaşdırılan tədbirlərlə bağlı müzakirələr aparılacaq.