Statistika Komitəsinin sədri Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb

Oktyabrın 10-da Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Respublikasındakı Nümayədəliyinin yeni təyin olunmuş rəhbəri xanım Fatoş Hande Harmancı ilə görüşüb.

Xanım Fatoş Hande Harmancını salamlayan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov onu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayədəliyinin rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək, ölkəmizdəki xidməti fəaliyyətində uğurlar və müvəffəqiyyətlər arzulayıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizdə mütərəqqi islahatlar aparılır, yüksək iqtisadi göstəricilərin əldə olunması ilə yanaşı, həm də qlobal transmilli enerji və nəqliyyat-kommunikasiya layihələri reallaşdırılır, balanslaşdırılmış uğurlu daxili və xarici siyasət həyata keçirilir. Tahir Budaqov Dövlət Statistika Komitəsinin son illər ərzində həyata keçirdiyi layihələr, milli statistika sisteminin təkmilləşdirilməsi ilə bağlı əldə olunan nəaliyyətlər barədə ətraflı məlumat verib, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq məsələlərini və statistika sistemində qazanılan uğurları diqqətə çatdırıb.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Respublikasındakı Nümayədəliyinin rəhbəri xanım Fatoş Hande Harmancı isə öz növbəsində səmimi görüşə və təbrikə görə mənmunluğunu ifadə edib. Azərbaycandakı fəaliyyəti dövründə Dövlət Statistika Komitəsi ilə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə Dövlət Statistika Komitəsi ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında gələcək əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır