Strateji Yol Xəritələri elmi müstəvidə müzakirə olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzi, AMEA-nın İqtisadiyyat İnstitutu ilə birgə “Strateji Yol Xəritələri: nəzəriyyə və praktika” adlı dəyirmi masa təşkil edib.

Tədbirin keçirilməsində əsas məqsəd AMEA-nın İqtisadiyyat İnstitutunda hazırlanan metodologiya əsasında Strateji Yol Xəritələrində nəzərdə tutulan islahatların elmi qiymətləndirilməsindən ibarət olub.

Dəyirmi masada ilk olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya  Mərkəzinin icraçı direktoru  Vüsal Qasımlı qonaqları salamlayıb. Daha sonra AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru Professor Nazim Müzəffərli “Azərbaycan iqtisadiyyatının liberallıq potensialı və strateji yol xəritələrinin əsas vektorları” mövzusunda təqdimatla çıxış edib.

Dəyirmi masada Strateji Yol Xəritələrinin bir sıra sektorlarını ayrı ayrılıqda təhlil edən tədbir iştirakçıları qeyri-neft sektoruna göstərilən dövlət dəstəyi tədbirlərinin ölkəmizin ixrac potensialını daha da artırdığını bildiriblər. Qeyd olunub ki, ərzaq təhlükəsizliyinin möhkəmlənməsi, regionlarda əhalinin məşğulluğuna müsbət təsir edib. Ölkənin mövcud sənaye potensialının daha da genişləndirilməsi, sənaye məhəllələrinin, texno parkların yaradılması sənaye sahəsinin inkişafına təsir edib.

Qeyd edək ki, müzakirələrdə Strateji Yol Xəritələrinin həyata keçirilməsində iştirak edən bir sıra dövlət qurumlarının nümayəndələri və iqtisadçı alimlər iştirak edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır