İqtisadiyyat Nazirliyində strateji yol xəritələrində nəzərdə tutulmuş və Nazirlik üzrə İqtisadi və sosial sahələrin inkişafı, Ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı, Mənzil-kommunal siyasəti, Sənaye və Hüquq şöbələrinin, eləcə də Tarif (qiymət) Şurasının və Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının icraçı olduğu tədbirlərin icrası ilə bağlı iqtisadiyyat nazirinin müvafiq əmri ilə müəyyən olunmuş əlaqələndirici struktur bölmələrin iştirakı ilə iclaslar keçirilib.
İclaslarda strateji yol xəritələrinin Tədbirlər Planlarında İqtisadiyyat Nazirliyi üzrə qeyd olunan struktur bölmələrin icraçı olduğu tədbirlərin icra vəziyyəti müzakirə edilib, tapşırıqların icra vəziyyəti və gedişatı barədə hesabat məruzələri dinlənilib.
Həmçinin, Azərbaycan Respublikasında logistika və ticarətin, kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz), uyğun qiymətə mənzil təminatının, ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol xəritələrinin tədbirlər planlarında aidiyyəti tapşırıqların icrası ilə əlaqədar mövcud ola biləcək məsələlər və onların həlli yolları müzakirə edilib, bu strateji yol xəritələri üzrə koordinasiya prosesinin təşkili üçün İqtisadiyyat Nazirliyi və aidiyyəti əlaqələndirici qurumlar tərəfindən yaradılmış işçi qruplarının ilk iclaslarında bu məsələrin iştirakçılara çatdırılması qərara alınıb.
Qeyd edək ki, strateji yol xəritələrində İqtisadiyyat Nazirliyinin icraçı olduğu tapşırıqların icra vəziyyətinin iqtisadiyyat nazirinin müvafiq əmri ilə müəyyən olunmuş icraçıların və Nazirlik üzrə aidiyyəti əlaqələndirici struktur bölmələrin iştirakı ilə müzakirəsi davam etdirilir.