Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, AMEA İqtisadiyyat İnstitutu ilə birlikdə “Strateji Yol Xəritəsi: nailiyyətlər və persperktivlər” mövzusunda elmi-praktik konfrans təşkil edib.
Konfransda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ictimai mühazirəsi zamanı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan yeni nəsil iqtisadi islahatlar ölkədə yeni iqtisadi modelin əsasını qoyur.
Qeyd olunub ki, fiskal siyasətdə yeni fiskal qaydalar, ortamüddətli büdcə xərcləri çərçivəsi və nəticə əsaslı büdcə prinsipinə keçid baş verir. Monetar siyasətdə üzən məzənnə rejiminə keçid və bank sektorundakı islahatlar mühüm əhəmiyyət kəsb edir. Beləliklə, fiskal və monetar siyasətin kombinasiyası qururlur. Eyni zamanda biznes mühiti islahatlarının davam etməsi və təşviq layihələrinin həyata keçirilməsi real sektorun canlanmasına istiqamətlənib.
V.Qasımlı əlavə edib ki, yeni iqtisadi modelin qurulmasında insan kapitalının rolu mühümdür. Buna görə də təhsil və elm sahəsinin inkişafı iqtisadiyyatı həm kadrla təmin edəcək, həm də innovasiya ehtiyacları ödəniləcək.
Daha sonra AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli (İmanov) Strateji Yol Xəritələrinin yazılmasında AMEA-nın bir neçə, o cümlədən İqtisadiyyat İnsitututunun da fəal iştirakını xatırladaraq, “Azərbaycan iqtisadiyyatının liberallıq potensialı və Strateji Yol Xəritələrinin əsas vektorları” adlı məruzə ilə çıxış edib.
Yekunda AMEA İqtisadiyyat İnstitutunun müəllim-professor, elmi işçi heyəti konfransın mövzusu çərçivəsində onları maraqlandıran sualları İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoruna ünvanlayıblar. Konfransda mövzu üzrə geniş va maraqlı müzakirələr aparılıb.