Azərbaycan Respublikası Prezidenti Administrasiyasının müvafiq tapşırığının icrası məqsədilə İqtisadiyyat Nazirliyinin əlaqələndiricisi olduğu “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair” Strateji Yol Xəritəsi üzrə nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi üçün koordinasiya prosesinin təşkilinə dair iqtisadiyyat nazirinin 08.11.17 tarixli əmri ilə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun rəhbərliyi ilə yaradılmış işçi qrupun ilk iclası keçirilib.
İclasda Təhsil, Energetika və Müdafiə Sənayesi nazirliklərinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Tarif (qiymət) Şurasının Katibliyinin nümayəndələri iştirak edib.
İclasda adıçəkilən yol xəritəsinin Tədbirlər Planında nəzərdə tutulmuş işlərin icrasının sürətləndirilməsi və qarşıya qoyulmuş hədəflərə nail olunması məqsədilə əsas icraçı qurumlar, habelə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında əlaqəli və birgə fəaliyyətin təmin edilməsi, eləcə də tədbirlərin tam, vaxtında və mahiyyəti üzrə icrası üçün zəruri və tələb olunan tədbirlərin görülməsi, icra zamanı mövcud ola biləcək risklərin vaxtında müəyyən olunaraq aradan qaldırılması istiqamətində müzakirələr aparılıb.
İclasda həmçinin, işçi qrupun növbəti iclasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçirilməsi və həmin iclasda hər bir qurumun əsas icraçısı olduğu tədbirlər üzrə hesabatların dinlənilməsi də müzakirə edilib.