Sumqayıt Kimya Sənaye Parkında daha bir yeraltı texniki qalereya tikilir

Regionun ən iri sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında infrastrukturun yaradılması istiqamətində işlər uğurla davam etdirilir.

Hazırda Sumqayıt Kimya Sənaye Parkının 167.66 hektar əraziyə malik birinci fazasında daxili avtomobil yollarının, su anbarı və nasosxanaların, parkın ərazisinə Taxtakörpü-Ceyranbatan su kanalından çəkilən texniki su xəttinin, ərazidaxili elektrik xətlərinin və yarımstansiyalar arasında bağlantı yaratmaq məqsədilə parkın ərazisində elektrik verilişi xəttinin çəkilişi işləri aparılır.

Bununla yanaşı, Sumqayıt Kimya Sənaye Parkının genişləndirilməsi üçün əlavə olaraq ayrılmış 127,96 hektar sahədə də infrastruktur işlərinə start verilib. Sənaye Parkının mərhələli inkişaf planına uyğun olaraq, sənaye parkının ikinci fazası kimi qeyd olunan 94.13 hektar ərazisində hazırda mühəndis xətləri və avtomobil yollarının (daxili avtomobil yolu, yeraltı texniki qalereya, yanğına qarşı su, yağış suyu, içməli su, kimyəvi tullantı suyu xətti, kanalizasiya sistemi, su anbarı və nasosxanalar), ərazidaxili elektrik şəbəkəsi və 110/35/6 kv-luq yarımstansiyanın tikinti-quraşdırma işləri davam etdirilir.

Müasir sənaye parkları konsepsiyasına uyğun olaraq, burada da kommunikasiya xətləri, o cümlədən içməli, texniki, yanğına qarşı su xətləri, elektrik və fiber optik kabellər yeraltı texniki qalereya vasitəsi ilə ötürüləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır