Sumqayıt şəhəri üzrə innovativ ideyalar müəyyən edilib

Mingəçevir və Sabirabadla yanaşı, Sumqayıt şəhərinin də ən uğurlu startap layihələri artıq bəllidir. “I2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilən startap turunun növbəti ünvanı Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi olub.

Martın 6-da baş tutan startap turuna 100-dən çox iştirakçı qatılıb.

Tədbirdə ilk olaraq informativ sessiya keçirilib, “I2B – İdeyadan Biznesə” layihəsinin konsepsiyası, layihə çərçivəsində keçirilən startap turlarının məqsədi, əldə olunan nəticələr və gələcək planlar barədə məlumat verilib.

Bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Microsoft” və “Azercell” şirkətləri tərəfindən birgə həyata keçirilən “I2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində baş tutan turlar startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının gerçəkləşdirilməsinə dəstək məqsədi ilə reallaşdırılır.

Tədbirin interaktiv hissəsində təşkilatçılar  tərəfindən iştirakçılar üçün startap komandalarının formalaşması, layihə təqdimatının düzgün hazırlanması, investorlara layihənin satışı yolları, bazarın araşdırılması kimi məsələləri əhatə edən təlim keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır