Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən 2015-2016-cı illərdə Sumqayıt şəhər Səhiyyə şöbəsinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib.
Sumqayıt şəhər Səhiyyə şöbəsinin və tabeliyindəki 23 səhiyyə müəssisələrinin strukturunda müxtəlif təyinatlı 585 ədəd çarpayı və ümumilikdə 3312.5 ədəd tibbi və qeyri tibbi ştat vahidləri təsdiq edilib. Sumqayıt şəhər Səhiyyə şöbəsi Sumqayıt şəhərinin 339.0 min nəfər əhalisinə stasionar və ambulator tibbi xidmət göstərməsi üçün tabeliyində olan 9 xəstəxana, 10 ambulator poliklinika müəssisəsi, Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyası, mərkəzləşdirilmiş mühasibatlıq və mərkəzi avtomaşın qarajı ilə birlikdə fəaliyyət göstərib.
Ərzaq və dərman xərcinin icrası zamanı xəstəxanalar üzrə çarpayı günlərinin icrasının nəzərə alınmaması nəticəsində bir çarpayı gününə düşən dərman xərci 2015-ci ildə 0.5 – 4.0 manatadək, 2016-cı ildə 0.3 – 6.9 manatadək, ərzaq xərci isə müvafiq olaraq 5.6 – 6.2 manatadək və 4.8 – 6.0 manatadək fərqli olub. Xəstəxanalarda ərzağın menyularda göstərilən miqdardan az verilməsi, menyularda xəstə sayının çox göstərilməsi səbəbindən artıq vəsait ödənişinə yol verilib, müvafiq Qərarla təsdiq edilmiş normalarda nəzərdə tutulmayan ərzaq məhsullarının alımasına vəsait xərclənib.
“Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq Mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat”ın tələblərinə əməl edilsə də, Maliyyə hesabatlarının tərtibi zamanı bəzi nöqsanlara yol verilib, “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”ın tələbləri gözlənilməyib, sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı və cari təmiri üçün xərc edilmiş vəsait kapitallaşdırılmış məsrəflər kimi uçota alınmayaraq xərcə silinib.
Qeyd edək ki, Auditin əhatə etdiyi dövrdə səhiyyə xərclərinə ümumilikdə 30.3 mln.manat məbləğində vəsait xərclənib. Hesabat haqqında ətraflı məlumat keçiddə yerləşdirilib.