Sumqayıtda “KOB Dostu” fəaliyyətə başlayıb

Aprelin 17-də Sumqayıt şəhərində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) fəaliyyətə başlayıb.

Bununla bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının və sahibkarların iştirakı ilə keçirilmiş tədbirdə Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov “KOB Dostu” konsepsiyası, kiçik və orta sahibkarlara göstərilən xidmətlər barədə məlumat verib. Vurğulanıb ki, Agentlik tərəfindən hazırda yaradılmaqda olan “KOB Dostu” şəbəkəsi Azərbaycan Respublikası Prezidentinin “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” strateji xəttinə uyğun olaraq, dövlət-sahibkar əməkdaşlıq platforması çərçivəsində reallaşdırılan mühüm layihələrdəndir.

Hazırda ölkənin 11 rayon və şəhərində 14 “KOB Dostu” fəaliyyət göstərir. KOB dostları mikro, kiçik və orta biznes subyektlərinin təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində KOB-lara dəstək göstərən mexanizmdir. Sahibkarları “KOB Dostu” ilə fəal əməkdaşlığa dəvət edən Agentlik sədri 2019-cu il ərzində ölkənin digər şəhər və rayonlarında fəaliyyətə başlayacaq KOB dostları, eləcə də Agentliyin digər dəstək mexanizmləri barədə də danışıb. 

Tədbir çərçivəsində “KOB Dostu” ilə bağlı təqdimat keçirilib, fəaliyyət istiqamətləri və göstərəcəyi xidmətlər barədə məlumat verilib, sahibkarların sualları cavablandırılıb.

Tədbirdə çıxış edən sahibkarlar özəl bölmənin, xüsusilə kiçik və orta biznesin  inkişafına göstərilən davamlı dəstəyə görə dövlət başçısına minnətdarlıq ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır