SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2018-ci il aprelin 24-də Xaçmaz rayonunun Meşəli, Sahillər və Samurçay qəsəbələrinə ilk dəfə təbii qaz verilib.
BBN.az xəbər verir ki, təbii qazın verilməsi münasibəti ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, yaşayış məntəqələrinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 11 029 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, paylayıcı eləcə də məhəllədaxili qaz xətləri çəkilib, 95 sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Hazırda Xaçmaz rayonunun Turist və Dalğalı qəsəbələrində eləcə də Çaxçaxlı və Seyidlikəndyeri kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.