2016-cı ilin yanvar-dekabr aylarında ölkənin tədiyə balansının ümumi saldosu -539.2 mln. dollar təşkil edib ki, bu da 2015-ci ildəki göstəriciyə nisbətdə təqribən 21 dəfə azdır.
Bu haqda Mərkəzi Bank məlumat yayıb.
Məlumata əsasən, 2016-cı ilin yanvar-dekabr aylarında ölkənin tədiyə balansı üzrə cari əmliyyatları balansının (CƏB) kəsiri 1.4 mlrd.$ təşkil edib. Qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə ötən ilin müvafiq dövrünə nisbətən 15% (1013 mln.$) azalaraq 5.8 mlrd.$ olub. Hesabat dövründə maliyyə hesabının kəsiri də ötən ilə nisbətən 69.4% azalaraq 2.8 mlrd.$ təşkil edib (dollarlaşma istisna olmaqla kəsir 2.3 mlrd.$ təşkil edir).
2016-cı ilin yanvar-dekabr aylarında cari əməliyyatlar hesabında 1363 mln.$ məbləğində kəsir yaranıb, o cümlədən neft-qaz sektoru üzrə cari hesabın profisiti 4.4 mlrd.$ məbləğində olub. Neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə cari hesabın 5.8 mlrd.$ məbləğində kəsirinin 76.3%-ni örtüb.
2016-cı ilin yanvar-dekabr aylarında ölkənin xalis maliyyə aktivləri 7.2 mlrd.$ artıb. Bu göstərici əsasən xaricə yönəldilmiş birbaşa investisiyalar (2573.6 mln.$), portfel investisiyaları (-44.3 mln.$), törəmə maliyyə alətləri (-0.7 mln.$) və digər investisiyalar (4715.8 mln.$) hesabına formalaşıb. Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 4.5 mlrd.$ təşkil edib ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (4499.6 mln.$), portfel investisiyaları (443.6 mln.$) və digər investisiyalar (-460.3 mln.$) hesabına formalaşıb.