“Təhlükəsiz İnternet Günü” ilə bağlı konfrans keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Elektron Hökumət Təlim-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Təhlükəsiz İnternet Günü – 2018” konfransı keçirilib.

BBN.az xəbər verir ki, konfransda ali təhsil müəssisələrinin professor və müəllim heyəti, dövlət qurumlarının nümayəndələri, qeyri-hökumət təşkilatları və informasiya təhlükəsizliyi sahəsi üzrə mütəxəssislər iştirak ediblər.

Tədbirdə təhlükəsiz internetin vacibliyindən, təhlükəsiz internetin informasiya cəmiyyətinin inkişafına təsirləri və bu sahə üzrə ölkəmizdə görülən işlərdən və informasiya təhlükəsizliyi sahəsində kadr hazırlığı və müasir peşələr haqqında danışılıb.

Tədbirdə çıxış edən digər dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının tanınmış ekspertləri fərdi məlumatların internetdə qorunmasının vacibliyi, müasir texnologiyaların informasiya təhlükəsizliyinə təsiri və beynəlxalq trendlər haqqında təqdimatla çıxış  ediblər.

Qeyd edək ki, Təhlükəsiz İnternet Günü (“Safer İnternet Day”) 2004-cü ildə “Avropa Birliyi Təhlükəsiz Sərhədlər” layihəsinin təşəbbüsü kimi irəli sürülüb və artıq dünyada təxminən 130 ölkədə qeyd olunur.  bu günün əsas məqsədi daha yaxşı və təhlükəsiz internet yaratmaq məqsədilə vətəndaş cəmiyyəti, dövlət və özəl təşkilatları təmsil edən bütün tərəflərin əməkdaşlıq əlaqələrinin inkişafıdır.

Hər ilin fevral ayının ikinci həftəsinin çərşənbə axşamında qeyd olunan bu gün, bu il 6 fevral tarixində “Hörmət və ehtiram dolu mühit yarat, qoşul və paylaş: Daha yaxşı internet səndən başlayır” şüarı ilə qeyd edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır