Vergilər Nazirliyi rəsmi saytında bu sualla bağlı açıqlama verib.
Açıqlamada deyilir ki, təsisçi tərəfindən hüquqi şəxsin bank hesabına pul məbləğinin mədaxil edilməsinin məqsədindən asılı olaraq qanunvericilikdə fərqli tələblər nəzərdə tutula bilər.
Belə ki, təsisçi tərəfindən xarici valyutada pul məbləği nizamnamə kapitalının artırılması məqsədi ilə verildiyi halla bağlı bildirilib ki, məhdud məsuliyyətli cəmiyyətin milli valyutada formalaşdırılmış nizamnamə kapitalının xarici valyutada olmaqla pul və ya əmlak şəklində artırılması (nizamnamə kapitalının müxtəlif valyutalarda göstərilməsi) qanunvericilikdə nəzərdə tutulmayıb. Milli valyutada ifadə olunan nizamnamə kapitalı xarici valyutada artırılarkən nizamnamə kapitalının artırılmasına yönəldilmiş xarici valyuta bu əməliyyatın həyata keçirildiyi günə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi mübadilə məzənnəsi ilə manatla hesablanıb qeydə alınır.
Təsisçi tərəfindən borc olaraq müəssisənin xarici valyutada olan bank hesabına xarici valyutada pul mədaxil edilməsinə məhdudiyyət nəzərdə tutulmayıb.
Eyni zamanda bu hal ilə əlaqədar qeyd edilib ki, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.
Qeyd edilənlərə əsasən təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.
Bunlarla yanaşı, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə – ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.
Qeyd edək ki, bununla bağlı məlumatlar Vergi Məcəlləsinin 14-cü və 110-cu maddələri, Mülki Məcəllənin 90.5-ci, 90.6-cı, 90.7-ci və 439.1-ci maddələrində göstərilib.