Trans Adriatik Boru Xətti (TAP) layihəsi bir çox kreditorlardan təmin edilən 3.9 milyard avroluq vəsait ilə maliyyələşdirilməsinin tamamlandığını elan edib.
Avropa Birliyinin prioritet layihələrindən olan TAP-ın maliyyələşdirilməsində, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Avropa İnvestisiya Bankı (EIB) ilə yanaşı, 17 kommersiya bankı və ixrac kredit agentlikləri də iştirak edib.
Avropada hal-hazırda tikintisi davam edən ən böyük enerji layihəsinə Avropa İnvestisiya Bankı tərəfindən 700 milyon avro vəsait ayrılıb.
Avropa Yenidənqurma və İnkişaf Bankı da konsorsiumun tərkib hissəsi olaraq, 16 kommersiya bankının dəstəyi ilə, 1 milyard avroluq sindikatlaşdırılmış kredit ayırıb. Bu kreditin 500 milyon avroluq hissəsi EBRD tərəfindən təmin edilib.
Layihənin ilkin maliyyələşdirilməsi səhmdarları BP (20%), SOCAR (20%), Snam (20%), Fluxys (19%), Enagás (16%) və Axpo (5%) tərəfindən həyata keçirilib.
Qeyd edək ki, Türkiyə-Yunanıstan sərhədindən Cənubi İtaliyaya qədər uzanan 878 kilometrlik bu boru xətti Xəzər dənizindən Avropaya qaz nəqlini həyata keçirəcək Cənub Qaz Dəhlizi layihəsinin yekun seqmentidir. Dəhlizin ilkin seqmenti olan Trans Anadolu Qaz Boru Kəməri (TANAP) ilə birləşdiriləndən sonra illik 16 milyard kubmetr qaz ixracı nəzərdə tutulur. Bunun 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya nəql olunacaq.