Türkiyə Respublikasının İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin İKT üzrə 2-ci Nazirlər Toplantısı keçirilib.
Tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin sahəvi nazirləri və nazir müavinləri iştirak edib.
Ölkəmizi toplantıda Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Elektron hökumət, kibertəhlükəsizlik və fiber-optik şəbəkənin inkişafı üzrə müzakirələrin aparıldığı Nazirlər Toplantısında çıxış edən Ramin Quluzadə İKT sahəsində əməkdaşlığın genişləndirilməsi, mövcud çağırışların səmərəli şəkildə cavablandırılması baxımından Türk Şurası çərçivəsində İKT üzrə işçi qrupun fəaliyyətinin xüsusi önəm daşıdığını bildirib.
Nazir ölkəmizin təşəbbüskarı olduğu TASİM layihəsinin həyata keçirilməsi istiqamətində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin birgə səylərinin təqdirəlayiq hal olduğunu qeyd edərək, layihənin iki qitə arasında ən qısa fiber-optik bağlantı olmaqla region ölkələri üçün strateji önəm daşıdığını və dənizə çıxışı olmayan ölkələrdə rəqəmsal boşluğun aradan qaldırılmasında əhəmiyyətli rol oynayacağını bildirib.