Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyəti dövründə sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN Kommunal” və “ASAN Xidmət” Mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralara sahibkarlar tərəfindən 558 müraciət daxil olub.
BBN.az xəbər verir ki, 529 müraciətin icrası təmin olunub, 29 müraciət isə təqdim edilmiş sənədlərdəki uyğunsuzluqlar səbəbindən icra edilməyib. Bütün müraciətlər hazırda fəaliyyət göstərən 4 Texniki Şura – 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində, Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN Xidmət” mərkəzlərində yaradılmış Texniki Şuralar vasitəsilə qəbul edilib və icra olunub.
15 may 2017-ci il tarixindən fəaliyyətə başlayan Texniki Şuralara 2018-ci ilin avqust ayınadək ümumilikdə 2038 müraciət daxil olub.
Xatırladaq ki, Nazirlər Kabinetinin 27 aprel 2018-ci il tarixli 180 nömrəli qərarına əsasən, may ayından etibarən sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması prosesinin müəyyənləşdirilmiş məbləğlər əsasında həyata keçirilməsinə başlanılıb. Belə ki, sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği təsdiq edilib. Qoşulma haqqı sifarişçinin tikinti obyektinin enerji təchizatı şəbəkəsinə 24 gün müddətində və ya istəyinə uyğun olaraq 12 gün müddətində qoşulmasına görə fərqli məbləğlərdə nəzərdə tutulub.