2018-ci ilin iyul ayı üzrə Texniki Şuralara 135 müraciət daxil olub

2018-ci ilin iyul ayında sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN Xidmət” və “ASAN Kommunal” Mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralara sahibkarlar tərəfindən 135 müraciət daxil olub.

BBN.az xəbər verir ki, bu müraciətlərdən 128-i təmin olunub, 7-i isə təqdim edilmiş sənədlərdəki uyğunsuzluqlar səbəbindən icra edilməyib. Ümumilikdə icra olunan müraciətlər əsasında sahibkarlar tərəfindən 1675,12 kVt güc sifariş olunub. Bütün bu müraciətlər 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində, Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN Xidmət” mərkəzlərində yaradılmış Texniki Şuralar vasitəsilə qəbul edilib və icra olunub.

Xatırladaq ki, 2018-ci ilin may ayından başlayaraq sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması prosesinin müəyyənləşdirilmiş məbləğlər əsasında həyata keçirilməsinə başlanılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 2018-ci il tarixli 180 nömrəli Qərarı ilə sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği təsdiq edilib. Qoşulma haqqı sifarişçinin tikinti obyektinin enerji təchizatı şəbəkəsinə 24 gün müddətində və ya istəyinə uyğun olaraq 12 gün müddətində qoşulmasına görə fərqli məbləğlərdə nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır