Xarici ticarət əlaqələri haqqında məlumat açıqlanıb

2018-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 146 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 92 ölkəyə məhsul ixrac olunub, 136 ölkədən idxal olunub.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 6894,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 4703,5 milyon dollar, idxalın dəyəri 2191,1 milyon dollar təşkil etmiş, nəticədə 2512,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci ilin yanvar-mart  ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,9 %, real ifadədə isə 6,3 %, o cümlədən ixrac 5,3 %, idxal 8,7 % artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 19,2 %-ni İtaliyaya, 9,2 %-ni İsrailə, 7,8 %-ni Türkiyəyə, 6,2 %-ni Çexiyaya, 6 %-ni İndoneziyaya, 5,6 %-ni Almaniyaya, 5,1 %-ni Avstriyaya, 4,9 %-ni Kanadaya, 4,2 %-ni Hindistana, 4,1 %-ni Tayvana (Çinin əyaləti), hər biri 3,5 % olmaqla Rusiya və ABŞ-a, 2,9 %-ni Gürcüstana, 2,3 %-ni Yunanıstana, qalan 15,5 %-ni  isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunan məhsulların ümumi dəyərinin 17,3 %-i Rusiya, 14,3 %-i Türkiyə, 10 %-i Çin, 8,8 %-i Almaniya, 4,8 %-i ABŞ, 3,9 %-i Ukrayna, 3,8 %-i Belarus, 3,3 %-i İtaliya, 2,8 %-i İran, 2,3 %-i Çexiya,  2,2 %-i Qazaxıstan, 26,5 %-i isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2018-ci ilin yanvar-mart aylarında 356,4 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilin yanvar-mart aylarına nisbətən faktiki qiymətlərlə 34,8 %, real ifadədə isə 29,6 % çoxdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır