2018-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 160 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 95 ölkəyə məhsul ixrac olunmuş, 150 ölkədən idxal olunub.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 12068,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 8213,3 milyon dollar, idxalın dəyəri 3855,3 milyon dollar təşkil edib, nəticədə 4358,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 35,4 faiz, real ifadədə isə 3,1 faiz, o cümlədən ixrac 2,8 faiz, idxal 3,8 faiz artıb.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,4 faizi Rusiya, 15,8 faizi Türkiyə, 10,2 faizi Çin, 7,6 faizi Almaniya, 4,8 faizi ABŞ, 4,2 faizi Ukrayna, 3,4 faizi İtaliya, 3,0 faizi İran, 2,7 faizi Belarus, 2,4 faizi Birləşmiş Krallıq, 28,5 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
2018-ci ilin yanvar-may aylarında 667,5 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilin yanvar-may aylarına nisbətən faktiki qiymətlərlə 20,1 faiz, real ifadədə isə 8,6 faiz çoxdur.