İyunun 22-də Kiyevdə Azərbaycan Ticarət Evinin açılışı olub.
Tədbirdə hər iki ölkənin rəsmi şəxsləri, Azərbaycan-Ukrayna Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, sahibkarlar iştirak ediblər.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Azərbaycan Ticarət Evinin ümumi sahəsi 300 m²-ə yaxındır.
Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Ukrayna bazarında daha çox tanıdılması, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsi sahəsində fəaliyyət göstərəcək, Ukraynada satışını təşkil edəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək. Ticarət Evinin daimi fəaliyyət göstərən sərgisində 30-a yaxın Azərbaycan şirkətinin istehsal etdiyi müxtəlif məhsullar (meyvə şirəsi və kompotlar, mineral sular, zeytun, çay, meyvə və tərəvəz, qənnadı məmulatları, spirtli içkilər, Naftalan yağı, toxuculuq və kosmetika məhsulları və s.) nümayiş olunur. Ümumilikdə, Azərbaycan Ticarət Evində 85 çeşiddə şərab, 26 çeşiddə konyak, 37 çeşiddə çay, 30-dan çox çeşiddə meyvə şirəsi və kompotlar, 150 çeşiddən çox digər məhsullar sərgilənir.
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev Ukraynada Azərbaycan Ticarət Evinin açılmasının dövlət başçılarının ölkələrimiz arasında səmimi dostluq münasibətlərinin və iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə olan marağın göstəricisi olduğunu vurğulayıb. Qeyd olunub ki, qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Ukrayna əməkdaşlığı uğurla inkişaf edir, xalqlarımızı tarixi dostluq əlaqələri birləşdirir. Azərbaycan və Ukrayna dövlət başçılarının yüksək siyasi iradəsi nəticəsində bu gün ölkələrimiz arasında münasibətlər strateji səviyyəyə yüksəlib, möhkəm müqavilə-hüquqi baza yaradılıb, Azərbaycan və Ukrayna Prezidentləri Şurası, iqtisadi əməkdaşlığa dair Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Azərbaycan və Ukrayna beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir, ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir.