19 sentyabr 2017-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı” tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsinə başlanılıb.
Bu günə kimi Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən ümumilikdə 9 səyyar monitorinq həyata keçirilib. Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 9-u sifarişçi, 7-si podratçı, 14-ü subpodratçı olmaqla cəmi 30 hüquqi və fiziki şəxsi əhatə edən qeyri-rəsmi əmək münasibətlərininin tənzimlənməsi ilə bağlı səyyar monitorinq keçirilib.
Yoxlamaların həyata keçirildiyi dövr ərzində yoxlanılmış 232 işçidən 170-nin müqavilə ilə, 62-nin isə müqaviləsiz işlədiyi aşkar olunub. Ümumilikdə dövr ərzində yoxlanılan işçilərin 27%-ində əmək müqaviləsi və ya xidməti (mülki) müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmə halları aşkar edilib.
Monitorinq nəticəsində aşkar olunmuş faktlar müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğuna yönləndirilib.
Dövlət Agentliyi tərəfindən tikilməkdə olan çoxmənzilli yaşayış binalarının və həmin tikinti obyektlərinin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestrinin yaradılması və işçilərin eyniləşdirilməsini həyata keçirən analitik tanıma sisteminin formalaşdırılması üçün “Analitik Monitorinq Sistemi” yaradılıb.