28 fevral 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Tikinti sahəsində əmək münasibətləri” mövzusunda təqdimat mərasimi keçirilib.
BBN.az xəbər verir ki, Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin direktoru Fariz Cəfərov bildirib ki, Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması məqsədi ilə 2017-ci ilin sentyabr ayından bu günə kimi tikilməkdə olan çoxmənzilli yaşayış binalarında 43 səyyar monitorinq keçirilib.
10 ay ərzində Bakı şəhərində çoxmənzilli yaşayış binalarının tikintisi ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən 33 min müqavilə imzalanaraq əmək müqavilələrinin elektron bildirişi sistemində qeydiyyata alınıb. Bununla yanaşı nöqsanların da olduğu vurğulanaraq aşkar edilmiş faktların sənədləşdirilməsi, inzibati məsuliyyət tədbirlərinin tətbiq edilməsi və ya təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri məsələsinə baxılması üçün sənədlərin aidiyyəti dövlət orqanına göndərilməsi barədə məlumat verilib.
Daha sonra Fariz Cəfərov mərkəzin yeni internet saytını təqdim edərək, şirkətlər və əməkdaşlar üçün saytın imkanlarından bəhs edib. Monitorinqlərin keçirilməsi zamanı tikinti şirkətlərinin fəaliyyətlərində rast gəlinən nöqsanların aradan qaldırılması ilə bağlı tövsiyələr təqdim edilib.