Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı” tikinti şirkətlərində səyyar monitorinqlər keçirilib.
Bu günə kimi Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən ümumilikdə 12 səyyar monitorinq həyata keçirilib. Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 12-si sifarişçi, 9-u podratçı, 17-si subpodratçı olmaqla cəmi 38 hüquqi və fiziki şəxsi əhatə edən qeyri-rəsmi əmək münasibətlərininin tənzimlənməsi ilə bağlı səyyar monitorinq keçirilib.
Yoxlamaların həyata keçirildiyi dövr ərzində yoxlanılmış 386 işçidən 250-nin müqavilə ilə, 136-nın isə müqaviləsiz işlədiyi aşkar olunub. Ümumilikdə dövr ərzində yoxlanılan işçilərin 35 %-ində əmək müqaviləsi və ya xidməti (mülki) müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmə halları aşkar edilib.
Monitorinq nəticəsində aşkar olunmuş faktlar müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğuna yönləndirilib.