Titul Sığortası nədir?

“Titul Sığortası” digər şəxslərin hər hansı bir əmlaka mülkiyyət hüququnun mübahisələndirilməsi ilə əlaqədar qaldırdıqları iddiaları əsasında həmin əmlaka mülkiyyət hüququnun itirilməsi riskindən sığorta.

Daha ətraflı izah etsək, bu sığorta növü  (mülkiyyət hüququnun sığortası) yanğın, subasma, qəza və s. kimi fiziki risklərdən deyil, sırf hüquqi risklərdən sığorta təminatıdır və bir sıra ölkələrdə tətbiq olunur. Fərz edək ki, şəxs alqı-satqı müqaviləsi bağlayaraq dəyərini tam olaraq ödəməklə qanuni əsaslarla mənzil alır. Lakin sonradan məlum olur ki, ona qədər həmin mənzil başqa şəxsə də eyni qanuni əsaslarla satılmışdır. Buna səbəb mənzil satanın ya ehtiyatsızlıq üzündən yol verdiyi səhv, ya da qəsdən etdiyi dələduzluq əməli, yaxud da mənzilə mülkiyyət hüququnun qeydiyyatı prosesinə cəlb edilən müvafiq dövlət orqanlarının qeyri-peşəkar yanaşması ola bilər. Hər bir halda, əgər qanunla mənzili əvvəl alanın mülkiyyət hüququ tanınırsa, mənzili sonradan alan çox güman ki, həmin mənzili itirir. Belə olan halda şəxsin itirdiyi mənzillə bağlı maliyyə problemlərinin həlli (mənzili alanda verdiyi pulu geri alması) üçün səmərəli üsul kimi problemin yaranmasından əvvəl bağlanmış titul sığortası müqaviləsindən istifadə edilir. Bəzi ölkələrdə titul sığortası müddətsiz bağlanır və konkret sığorta məbləği müəyyən edilmir. Başqa sözlə desək, sığorta müqaviləsi qüvvəyə mindikdən sonra mənzilə olan mülkiyyət hüququnun nə zaman itirilməsindən asılı olmayaraq, sığorta şirkəti məhkəmə qaydasında əldən çıxmış mənzillə eyni şəraitdə və dəyərdə olan başqa bir mənzilin alınmasına lazım olan məbləğdə sığorta ödənişi verir. Bu cür təminata görə ödənilən sığorta haqqı adətən mənzilin dəyərinin 0,4%–1%-olur ki, bu da istənilən halda mənzilə yaşayış hüququnun itirilməsi zamanı evsiz qalmağın və kompensasiya almaq imkanının olduqca çətin olması riski ilə müqayisədə cüzi bir məbləğdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır