Torpaqların icarəsindən büdcə daxilolmaları 151,6 % yerinə yetirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz dövlət əmlakının, o cümlədən torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə daxilolmaların təmin edilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.

BBN.az xəbər verir ki, 2018-ci ilin yanvar-may ayları ərzində dövlət və özəlləşdirilən müəssisə və obyektlərin, habelə qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən  dövlət büdcəsinə 3,76 milyon manat vəsait ödənilib ki, bununla Proqnoz Tapşırıq 151,6% yerinə yetirilib.

Eyni dövrdə qeyri-yaşayış sahələrinin icarəyə verilməsindən isə dövlət büdcəsinə 830 min manat məbləğində vəsaitin ödənilməsi təmin edilib (Proqnoz Tapşırıq 114%). Beləliklə, cari ilin 5 ayı ərzində Əmlak Məsələləri Dövlət Komitəsi xətti ilə dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 4,6 milyon manat vəsait köçürülüb.

Qeyd edək ki, 2018-ci il üçün daxilolmalar üzrə müəyyən edilmiş Proqnoz tapşırığa əsasən dövlət əmlakının icarəyə verilməsindən il ərzində dövlət büdcəsinə 8 milyon (6,2 milyon manat torpaq sahələri üzrə və 1,8 milyon manat qeyri-yaşayış sahələri üzrə) manat vəsaitinin ödənilməsi nəzərdə tutulub. Cari ilin ilk 5 ayının faktiki göstəriciləri illik proqnoz tapşırıqlarına tam əməl ediləciyinə şübhə yeri qoymur.

ƏMDK tərəfindən 2017-ci il ərzində dövlət əmlakının icarəsindən dövlət büdcəsinə  8,7 milyon manat vəsaitin köçürülməsi təmin edilib. Bundan 6,8 milyon manatı (Proqnoz Tapşırığa nisbətdə 110,0%) dövlət və özəlləşdirilən müəssisə və obyektlərin, habelə qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən, 1,9 milyon manatı (Proqnoz Tapşırığın 105%) isə qeyri-yaşayış sahələrinin icarəyə verilməsindən daxil olmuşdur ki, bu da ötən ilin proqnoz göstəricisinin artıqlaması ilə icra olunması deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır