Cari ilin 4-7 aprel tarixində Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili 5-7 aprel tarixində ölkəmizdə keçiriləcək 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2018” sərgisinin açılış mərasimində iştirak etmək məqsədilə Bakıya səfər edəcək.
Səfər çərçivəsində Zurab Pololikaşvilinin mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə, habelə digər dövlət rəsmiləri ilə yüksək səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Görüş zamanı Azərbaycan və Ümumdünya Turizm Təşkilatı (ÜTT) arasında turizm sahəsində qarşılıqlı əməkdaşlığın inkişafı və genişlənməsi məsələləri müzakirə ediləcək.
Eyni zamanda, Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ölkəmizdə turizm təhsilinin dünya standartları səviyyəsinə çatdırılması istiqamətində həyata keçirilən işlərlə tanış olmaq məqsədilə Azərbaycan Turizm və Menecment Universitetini ziyarət edəcək.