Türkiyədə bu il açılan şirkətlərin sayında artım var

Türkiyədə ölkədaxili sərmayə yatırımında müsbət göstəricilər müşahidə olunur.

Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) hazırladığı rəsmi hesabata istinadən, 2018-ci ilin dekabr ayında ölkə daxilində açılan şirkətlərin sayı ötən ilin müvafiq ayına nisbətdə 7% artaraq 6441, bağlanan şirkətlərin sayı isə 2186 olub.

Ümumilikdə isə, 2018-ci ildə Türkiyə Respublikasında 86349 şirkət açılıb. Bu rəqəm ötən ilin ümumi göstəricisindən (73783) 17% çoxdur.

2018-ci ildə bağlanan şirkətlərin sayında isə azalma müşahidə olunub. Belə ki 2017-ci ildə ölkə ərazisində 14701 şirkət bağlansa da, 2018-də bu rəqəm 8% azalaraq 13593 olub.

Məlumat üçün qeyd edək ki, 2018-ci ildə Türkiyədə Azərbaycan vətəndaşlarının şərikliyi ilə ümumilikdə 183 şirkət açılıb və bu şirkətlərdə toplanan ümumi investisiya 61 milyon 617 min türk lirəsi təşkil edib.

2018-12

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır