Uçot dərəcəsi dəyişməz saxlanılıb

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 15 noyabr 2017-ci il tarixində uçot dərəcəsinin və faiz dəhlizinin digər parametrlərinin dəyişməz saxlanılması barədə qərar qəbul edib.

Qərara əsasən, uçot dərəcəsi 15%, dəhlizin aşağı həddi 10%, yuxarı həddi 18% dərəcəsində saxlanılıb.

Qeyri-neft iqtisadiyyatının artımında pozitiv dinamika müşahidə edilib və bu dinamikanın formalaşmasında makroiqtisadi stabilləşmə xüsusi rol oynayıb. Xarici balansın tarazlaşması valyuta bazarında stabilliyin davamlı xarakter almasına şərait yaradıb. Monetar şərait iqtisadiyyatın pula olan tələbatı, o cümlədən fiskal sektorun likvidliyə olan ehtiyacı, eləcə də bank sistemində likvidliyin təsiri altında formalaşıb. Başlıca olaraq qeyri-monetar amillər, o cümlədən il ərzində bəzi ərzaq məhsulları üzrə dünya qiymətlərinin yüksəlməsi ümumi inflyasiyaya təsir edib. Qiymət stabilliyi üzrə orta və uzun müddətli amillərin təhlili pul siyasətində korreksiyanın zəruri olmadığını göstərib.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətində faiz dəhlizinin parametrləri növbəti dəfə 15 fevral 2018-ci il tarixində müzakirə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır