UĞURA İNAN, ÖZ BİZNESİNƏ BAŞLA! – 33-ci hissə

hazir

Elşən Bədirxanov

DAVAMI, əvvəli 32-ci hissədə

Sosial şəbəkələrdə marketinq

Facebook

Sosial şəbəkələr arasında yeni biznesinizin tanınmasında sizə ən böyük köməyi facebook göstərə bilər. Facebook dövlət olsaydı, əhalisinə görə dünyada birinci yeri tutardı (özü də “əhalisi” durmadan artır). Facebook sosial şəbəkəsinin 2016-cı il statıstikasına nəzər yetirsək, Azərbaycanda 1.7 milyon istifadəçisi var. Bu isə biznesə yeni başlamış və büdcəsi o qədər də çox olmayan biznez sahibləri üçün olduqca əlverişli bir alətdir. Facebook səhifəniz həm də sizin bir növ rəsmi vebsaytınızı əvəz edə biləcək qüvvəyə malikdir. Facebook səhifəniz vasitəsilə siz öz müştərilərinizlə birbaşa əlaqədə olmaq şansı əldə edirsiz.

Facebook-da özünüzün və ya biznesinizin rəsmi səhifəsini yaradın. Nümunələrə burada baxa bilərsiz: https://www.facebook.com/pages. Facebook səhifənizi yaradarkən mütləq biznesinizin facebook-da hansı kateqoriya altında qeyd edəcəyinizə diqqətlə yanaşın. “Business page” yaradarkən facebook sizə müxtəlif növ (demək olar ki, hər növ kateqoriya mövcuddur) kateqoriyaları seçmək imkanı verir. Deyək ki, yeni biznesiniz velosiped satışıdır və siz səhifənizi hüquq xidmətləri kateqoriyası altında yaratmısınız. Bu zaman əgər kimsə “google” axtarış sistemində “azərbaycanda velosiped satışı” yazaraq axtarış etsə bilin ki, sizin facebook səhifəniz burada görünməyəcək, çünki siz velosiped satışı ilə məşğul olsanız da facebook səhifəniz başqa bir kateqoriya altına yaradılıb. Səhifəni yaratdıqdan sonra növbəti mərhələdə facebook səhifənizi daha maraqlı və keyfiyyətli bir dizaynda etməlisiz. Rəsmi biznes facebook səhifəniz həm də sizin vebsaytınız rolunu oynayır. Çalışın ki, facebook səhifənizdə biznesiniz haqqında bütün məlumatlar olsun. Ünvanınız, əlaqə nömrələriniz, biznesiniz haqqında məlumatlar, yaranma tarixi və s. Bu cür məlumatların facebook səhifənizdə yer alması potensial müştərilərinizin gözündə sizin çox ciddi görünməyinizə şərait yaradacaq.

Növbəti addımınız səhifənizin vizual olaraq səliqəli və maraqlı bir dizaynda görünməsidir. Bunun üçün hər hansı bir dizayner axtarışına çıxmağa ehtiyac yoxdur. www.canva.com saytından istifadə edərək çox rahat şəkildə heç bir dizayn bacarığınıza ehtiyac olmadan və ən asası heç bir ödəniş etmədən facebook səhifəniz üçün maraqlı cover (üzlük) şəkilləri düzəldə bilərsiz. Paylaşacağınız facebook postlarını da bu sayt vasitəsilə rahat şəkildə dizayn edə bilərsiz. Əlbəttə, facebook səhifəsini yaratmaq və orada müxtəlif postlar paylaşmaq pulsuz olsa da, facebook-un ödənişli reklam funksiyasından da istifadə etməyiniz sizin brendinizin daha çox kütlə qarşısına çıxmasına güclü bir təkan olacaq. Çalışın, facebook-da ödənişli reklam üçün müəyyən bir məbləğ ayırasınız. Facebook-da ödənişli reklama başlamaq üçün sizin əvvəlcə bank kartına ehtiyacınız olacaq. Öz şəxsi facebook hesabınızdan “create ad” bölməsinə daxil olaraq facebook-un 10 müxtəlif reklam funksiyasından istifadə edə bilərsiz. Burada siz “promote your page” (səhifəni reklam et), “boost your post” (facebook postunu reklam et), “send people to your website” (insanları saytına yönəlt), “get installs of your app” (mobil tətbiqinin yüklənməsi), “raise attendance at your event” (insanları öz tədbirinə dəvət et), kimi reklam funksiyalarından istifadə edib öz məqsədinizə çata bilərsiz. İlk işiniz əlbəttə öz səhifənizin like (izləyici) sayını artırmaqdır, bunun üçün siz əvvəlcə facebook səhifənizin like (izləyici) sayını artıracaq “promote your page” reklam növündən istifadə etməlisiniz. Facebook-un bu ödənişli reklam funksiyası biznesinizin rəsmi səhifəsini facebook-un 1.7 milyon azərbaycanlı istifadəçisi arasında tanıdacaq. Bunun üçün siz sosial şəbəkələrdə öz məhsulunuzu tanıtmaqdan əlavə həm də müştərilərinizin sizə ünvanladıqları sual və şərhlərə diqqətlə yanaşmalısız. Onu da bilin ki, sosial şəbəkə hesablarınızın sizin üçün həm də müştəri xidmətləri rolunu oynayır, və siz bunu milyonlarla insanın gözü önündə edirsiz. Odur ki, sosial şəbəkə səhifələrinizdə daha diqqətli olmalısız. Səhifələrinizə gələn hər bir sualı cavablandırmağa çalışın. Səhifənizdə yerləşdirilən neqativ şərhləri araşdırmağa meyilli olun.  Sosial şəbəkədə satış edə bilmək üçün hədəf kütləsi müəyyənləşdirməlidir. Müraciət etdiyiniz insanlar hansı şəbəkədən daha çox istifadə edirlərsə, prioriteti ora vermək məsləhətdir. Siz heç də bütün sosial şəbəkələrdə olmaq məcburiyyətində deyilsiz.

Facebook səhifələrinizin like sayının çox olması müştərilərizin də çox olması demək deyil. Çalışın ki, səhifələrinizin “like” sayından əlavə “engagement rate” və “talking about this” (bu haqda danışma) göstəriciləri də yüksək olsun.  Bunun üçün səhifənizdə mütamadi olaraq maraqlı postlar paylaşın. Çalışın ki, gün ərzində səhifənizdə ən azı bir yeni post paylaşılsın. Video formatda olan postlara üstünlük verin, çünki facebookun tətbiq etdiyi yeni alghoritm Facebooka yüklənilən videoların auditoriyaya çatma (organic reach) faizi YouTube-dan (eyni zamanda Instagram-dan) paylaşdığımız videoların “reach” faizindən təxminən 2 dəfə çoxdur. Paylaşacağınız videoların qısa (max 2 dəqiqə) olmasına fikir verin. Facebook üçün bir sıra köməkçi proqramlardan faydalana bilərsiz. Məsələn, www.fangager.com fanat və abunəçiləriniz üçün həvəsləndirici proqramları işə salır. Bundan başqa siz, www.socialbakers.com saytından istifadə edərək öz rəqiblərinizin facebook göstəricilərini nəzərdən keçirə bilərsiz. www.woobox.comsaytı sizə facebook səhifənizdə müxtəlif növ hədiyyə kampaniyaları və foto-müsabiqələr keçirmək üçün pulsuz alətlər təklif edir.

“UĞURA İNAN, ÖZ BİZNESİNƏ BAŞLA!” adlı kitabı tam olaraq silsilə məqalələr şəklində izləmək üçün Azərbaycan Banklar Assosiasiyasının rəsmi məlumat portalı olan BBN.az saytının aşağıdakı linkdə göstərilən facebook səhifəsini bəyənmək kifayətdir:

https://www.facebook.com/BBNNEWS/ 

Ətrafındakı insanların UĞUR-una dəstək olmaq üçün yazını paylaş !

Davamı növbəti buraxılışda …

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır