Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən “Ukrayna və Belarus Respublikası sərhədindəki Novaya Quta- Novıye Yarıloviçi sərhəd keçid məntəqəsinin avtomatlaşdırılmış intellektual videomüşahidə sisteminin təşkil edilməsi” layihəsi çərçivəsində adıçəkilən ölkələrin gömrük xidmətlərinin nümayəndə heyətləri bu sahədə Azərbaycan gömrüyünün təcrübəsini öyrənmək məqsədilə ölkəmizə səfər edib.
BBN.az xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən təşkil edilən səfər çərçivəsində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı Şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində görüş keçirilib.
Görüşdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev gömrük sistemindəki islahatların nəticəsi olaraq ötən ildən ölkəmizdə tətbiqinə başlanan “Yaşıl Dəhliz” buraxılış sistemi barədə məlumat verib və informasiya kommunikasiya texnologiyalarının tətbiqi ilə reallaşdırılan bu sistemin malların və nəqliyyat vasitələrinin təhlükəsiz və sürətli hərəkətinə şərait yaratdığını vurğulayıb.
Azərbaycan gömrük xidməti ilə Belarus Respublikası və Ukrayna gömrük xidmətləri arasında qarşılıqlı inam və etibara əsaslanan səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu və nümayəndə heyətlərinin səfərinin, xüsusilə təcrübə və məlumat mübadiləsi sahəsində bu əlaqələri daha da genişləndirməyə imkan verəcəyinə əminliyini ifadə edib.
BMqT-nin Belarus Respublikasındakı nümayəndəliyinin rəhbəri Zeynal Hacıyev layihə barədə qısa məlumat verərək bildirib ki, üç mərhələdən ibarət olan bu layihə Ukrayna və Belarus Respublikası gömrük xidmətləri arasında iformasiya mübadiləsinin genişləndirilməsinə, müasir gömrük nəzarət sistemləri və avadanlıqlarının tətbiqinə, malların və nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin asan və sürətlə reallaşdırılmasına şərait yaradacaq. Bu istiqamətdə Azərbaycan gömrüyünün mühüm nailiyyətlər əldə etdiyini vurğulayan Zeynal Hacıyev Azərbaycan təcrübəsinin öyrənilməsinin hər iki ölkə üçün faydalı olacağını bildirib.