Dekabrın 5-də Moskva şəhərində Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının 76-cı sessiyası işə başlayıb.
Tədbirdə Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Tədbirin gündəliyi qəbul edildikdən sonra Ümumdünya Gömrük Təşkilatı Şurasının sədri Ruslan Davıdovun qeydləri və Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanın Strateji Planın həyata keçirilməsi üzrə hesabatı dinlənilib.
Qeyd edək ki, Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının 76-cı sessiyası dekabrın 7-dək davam edəcək.
Sessiyada İqtisadi Rəqabət Paketi və Gəlirlər Paketinin 3-cü mərhələsi üzrə Fəaliyyət Planları, Özəl Sektor üzrə Məşvərət Qrupunun görüşünün nəticələri, Potensialın Gücləndirilməsi, Uyğunluq və Nəzarət, həmçinin Rəqəmsal Gömrük üzrə hesabatlar iştirakçıların diqqətinə təqdim olunacaq.
Bununla yanaşı, sessiyada elektron kommersiya, ticarətin sadələşdirilməsi, təhlükəsizlik üzrə təşəbbüs, fəaliyyətin qiymətləndirilməsi, gömrük-vergi əməkdaşlığı və qanunsuz maliyyə axınlarına qarşı mübarizəyə dair məsələlər müzakirə ediləcək.
Sessiyada Harmonik Sistem üzrə Komitənin qərarlarına dair qeyd-şərtlər, 2016-2018-ci illər üçün Strateji Plan, 2017-2018-ci maliyyə ili üçün büdcə Proqramı, ÜGT-nin regional qurumlarının statusu ilə bağlı müzakirələr də aparılacaq.