14 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyininin sədri Ülvi Mehdiyev Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Kunio Mikuriyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Görüş zamanı Azərbaycan Respublikası ilə Ümumdünya Gömrük Təşkilatı arasındakı ikitərəfli əlaqələrdən bəhs olunub və müvafiq sahələr üzrə mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.
Sonda qonaqlar “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.