Səhmlərin və istiqrazların yerləşdirilməsi nəticəsində “UNİBANK”ın nizamnamə kapitalı artıb. Belə ki, nizamnamə kapitalı 6 milyon manat artaraq 126 milyon manat, prudensial qaydalara uyğun məcmu kapital isə 22 milyon manat artaraq 66 milyon manata çatıb.
Nizamnamə kapitalının artımı ilə səhmdarların pay bölgüsündə də dəyişikliklər olub. Kapitallaşmanın ikinci mərhələsindən sonra yerli fiziki şəxs olan səhmdarların payı 45.74%, beynəlxalq maliyyə institutları olan DEG – Almaniya İnvestisiya Şirkətinin payı 25.99%, Avropa Yenidənqurma və İnkişaf bankının (AYİB) payı isə 18.49% təşkil edəcək.
Xatırladaq ki, bu il ərzində “UNİBANK” artıq ikinci dəfədir ki, kapitalını artırır. İyun ayında bankın nizamnamə kapitalı 49 milyon manat artırılmışdı.
Başa çatan yenidənkapitallaşma prosesi bankın gələcək uğurlu inkişafı üçün əlavə imkanlar yaradır.
“UNİBANK” 2015-ci il iqtisadi böhran və makroiqtisadi şokların neqativ nəticələrini səhmdarların dəstəyi ilə aradan qaldırmaqla, bütün itkiləri bərpa edərək, 2017-ci ili 2 milyon manat mənfəətlə başa vurub.
Qeyd edək ki, bankın təsdiqlənmiş 3 illik strateji planına və maliyyə proqnozuna əsasən, “UNİBANK” 2018-ci ili 15 milyon manat mənfəətlə yekunlaşdırmağı planlaşdırır.