Mayın 29-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyətin və ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi, verilməsindən imtina edilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə yaradılmış işçi qrupları tərəfindən aparılan işlər müzakirə olunub.
BBN.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əlilliyin təyin olunması sahəsində tam şəffaf mexanizmin yaradılmasının, saxta əlillik təyinatlarının qarşısının alınmasının, eyni zamanda, əlilliyin təyin olunmasında bir sıra hallarda özünü
göstərən süründürməçilik hallarının aradan qaldırılmasının bu gün nazirlik qarşısında duran əsas hədəflərdən olduğunu vurğulayıb.
S.Babayev əlilliyin qiymətləndirilməsi prosedurlarının təkmil əsaslar üzərində, şəffaf şəkildə qurulmasında, fərdi reabilitasiya proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübədən irəli gələn yanaşmaların tətbiqinin diqqətdə saxlandığını bildirib.
İclasda əlilliyin qiymətləndirilməsi sahəsində mövcud vəziyyətlə bağlı araşdırmaların nəticələri, qabaqcıl dünya praktikasından istifadə olunmaqla fərdi reabilitasiya proqramının, əlillərin bərpa mərkəzlərinin inkişafı üzrə konsepsiya layihəsinin hazırlanması yönündə aparılan işlər müzakirə olunub.
Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə yaradılmış işçi qrupu da öz fəaliyyəti barədə məlumat verib.
Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması və verilməsi prosedurlarının, sosial yardımın alınması üçün müraciət etmiş ailənin maddi-məişət şəraitinin müayinəsi qaydasının təkmilləşdirilməsi üçün müvafiq təklifər diqqətə çatdırılıb.
Təkliflər nəzərdən keçirilməklə, ünvanlı sosial yardım proqramının özünüməşğulluq proqramı ilə əlaqələndirilməsi, sosial yardım alan ailələrin bu proqram vasitəsilə şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirmələrinə aktiv şəkildə dəstək verilməsi mexanizminin səmərəli təşkili məsələləri ətrafında müzakirələr aparılıb.