2018-ci ilin ilk rübü ərzində Əmlak Məsələləri Dövlət Komitəsinin 193 vahid çağrı mərkəzi, onlayn çat, sosial şəbəkə vasitəsi ilə 6 min-ə yaxın müraciət daxil olub.
BBN.az xəbər verir ki, onların 3 min 500-dən çoxu 193 vahid çağrı mərkəzinin, 2 min 500-ə yaxını sosial şəbəkələrin, “Privatization.az” portalının onlayn məsləhət pəncərəsinin payına düşür. Daxil olan müraciətlərin 5 mindən çoxu Bakıdan, 1000-ə yaxını isə regionlardan ünvanlanıb. Ümumiyyətlə qeyd edilən vasitələr üzərindən ay ərzində 2000-ə yaxın müraciət daxil olub, orta hesabla isə gün ərzində 100-dən çox sual cavablandırılıb.
Statistikaya görə 2018-ci ilin yanvar-mart aylarında 193 vahid çağrı mərkəzinə ən çox sorğu tipli müraciətlər daxil olub. Başqa sözlə müraciətlərin 3000-dən çoxu (89%) sorğu tiplidir.
Qeyd edilməlidir ki, 193 vahid çağrı mərkəzinə regionlar üzrə daxil olan sorğu xarakterli müraciətlərin dinamikasına əsasən paytaxt sakinlərinin aktivliyi müşahidə olunur. Belə ki, bu kateqoriya üzrə müraciətlərin 84%-i Bakı sakinlərinin, qalanı isə bölgələrin payına düşür.
Müraciətlərin mövzularına gəldikdə qeyd edilməlidir ki, daşınmaz əmlaka dair çıxarışın verilməsi, özəlləşmə prosedurları, torpaq sahələrinin kadastrı ilə bağlı məsələlər üstünlük təşkil edir.
Məcmu sorğuların mövzuları üzrə strukturun 50%-ə yaxını daşınmaz əmlakın qeydiyyatı ilə, 20 %-i özəlləşdirilmə ilə, 10%-i torpaq sahələrinin kadastr ilə bağlıdır. Qalanları isə Komitənin tabeli qurumlarının ünvanları və iş qrafikləri, sənədləşmə və digər məsələlərə aiddir.
