“Fəaliyyətdə başlıca prinsip vətəndaşlara yüksək səviyyədə xidmət etməkdir. Bu məqsədlə, əmlak idarəçiliyində tətbiq edilən yeniliklər vətəndaşların məmnunluğuna hədəflənib”.
BBN.az xəbər verir ki, bu sözləri Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov növbəti vətəndaş qəbulunda səsləndirib.
Komitə sədri may ayının 12-də vətəndaşların müraciətləri və təklifləri ilə yerindəcə tanış olmaq üçün Cəlilabad rayonu Heydər Əliyev Mərkəzində bölgə sakinlərini qəbul edib. Komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Cəlilabad rayonu ilə yanaşı Biləsuvar, Masallı, Yardımlı rayonlarından olan sakinlərin də müraciətləri dinlənilib.
Müraciətlər əsasən daşınmaz əmlakın qeydiyyatı, o cümlədən fərdi həyət evi, bələdiyyə tərəfindən müxtəlif məqsədlərlə ayrılmış torpaqlar, pay torpaqları, mənzillər, sovet dövründə kolxoz və ya sovxozlar tərəfindən verilmiş həyətyanı torpaq sahələrinin sənədləşməsi ilə əlaqədar olub. Həmçinin torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi, vaxtı ilə verilmiş pay torpaqları ilə bağlı faktiki və sənəd uyğunsuzluqlarının aradan qaldırılması, o cümlədən torpaqların təyinatına uyğun istifadəsi, kateqoriyasının dəyişdirilməsi prosedurları istiqamətində də müraciətlər ünvanlanıb. Bəzi müraciətlər dövlət əmlakının özəlləşdirilməsi sahəsinə də aid olub.