Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlara sahib olduqları əmlaklar barədə heç bir yerə getmədən, internet vasitəsilə ətraflı məlumat almaq imkanı yaradır. Belə ki «Daşınmaz əmlakla bağlı dövlət reyestrindən məlumatın verilməsi» elektron xidməti vasitəsilə əmlakın sahibi, yerləşdiyi ünvan, sahəsi barədə məlumatları öyrənmək mümkündür. Başqa sözlə, əmlakın həm ölçüləri və texniki göstəriciləri haqqında informasiyanı əldə etmək olur.
Eyni zamanda əmlakla bağlı aparılan əməliyyatlar barədə də informasiya əldə etmək olur. Yəni vətəndaşda ipoteka, girov, alqı-satqı, bağışlanma, kimi əməliyyatların edilib edilməməsi ilə bağlı məlumatları bilmək imkanı yaranır.
Bu xidmətin sayəsində vətəndaşlar evi və ya ofisi tərk etmədən, sadəcə internet vasitəsilə onlara tələb olunan bütün məlumatları alırlar. Nəticədə bunun üçün ərazi qeydiyyat idarələrinə getmək və ərizə yazmağa ehtiyac qalmır. Əmlak sahibi rahat və çevik şəkildə daşınmaz əmlak barədə dövlət reyestrində qeydiyyata alınmış məlumatlarla tanış olur. Bununla həm vətəndaş məmur münasibətləri minimuma enir həmdə insanların vaxt itkisi aradan qaldırılır.
İş adamları üçün də əlverişli olan xidmət hətta xaricdə olduqda da əmlak barədə lazımi məlumatı almağa və qarşı tərəfə təqdim etməyə imkan verir.
Qeyd edək ki, xidmətdən istifadə etmək üçün “elektron imza” tələb olunmur.