Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 28 iyul tarixində Zaqatalada növbəti vətəndaş qəbulu keçirib.
BBN.az xəbər verir ki, Heydər Əliyev mərkəzində reallaşan qəbul zamanı vətəndaşların daşınmaz əmlakla bağlı bütün təklif və müraciətlərinə baxılıb.
Qeyd edək ki, komitənin struktur vahidlərinin də iştirak etdiyi qəbulda Zaqatala rayonu ilə yanaşı, Balakən və Qax rayonlarının sakinlərinin də müraciətləri dinlənilib. Səsləndirilən müraciətlərin bir qismi torpaqların təyinatına uyğun istifadəsi, kateqoriyasının dəyişdirilməsi prosedurları, torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi, fərdi həyət evi, bələdiyyələr tərəfindən müxtəlif məqsədlərlə ayrılmış torpaqlar, vaxtilə verilmiş pay torpaqları ilə bağlı faktiki və sənəd uyğunsuzluqlarının aradan qaldırılması ilə əlaqədar olub. Eyni zamanda daşınmaz əmlakın qeydiyyatı, əmlaklara dair mülkiyyət hüququnun əldə edilmə qaydası, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı müraciətlər də ünvanlanıb.
Bütün vətəndaş müraciətlərini həssaslıqla dinləyən komitə sədri Kərəm Həsənov müraciətlərin qanunvericiliyə uyğun həll olunması istiqamətində müvafiq tapşırıqlar verir. Verilən tapşırıqlara əsasən bir sıra vətəndaş müraciətləri elə həmin gün öz müsbət həllini tapıb. Araşdırılması tələb olunan müraciətlərin həll olunması üçün müvafiq strukturların rəhbərlərinə göstərişlər verilib. Komitənin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Komitə sədri Kərəm Həsənov torpaqların kateqoriyaları ilə bağlı tələblərə riayət olunmasının vacibliyini bildirib, əks halda qanunvericiliklə müvafiq tədbirlərin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Qeyd edilib ki, mühafizə zolaqlarının tələblərinə əməl edilməyən torpaq istifadəçiliyinə, torpaqların münbit qatının korlanmasına, xüsusən kənd təsərrüfatı torpaqlarının təyinatına uyğun istifadə olunmasına qarşı nəzarət tədbirləri gücləndirilib.
Bildirilib ki, torpaqların elmi əsaslarla səmərəli istifadəsi ilə bağlı düzgün qərarların qəbuluna, bu sahədə dövlət nəzarətinin daha effektiv həyata keçirilməsinə, o cümlədən torpaq balansını dəqiqləşdirməyə imkan verən torpaqların elektron kadastr uçotu işləri 19 rayonda yekunlaşıb. 8 rayonda elektron kadastr uçot işləri üzrə görülən işlərin nəticələri müvafiq dövlət qurumlarının praktiki istifadəsinə verilib.
Qeyd olunub ki, qəbul zamanı vətəndaşlara özəlləşdirməni sadələşdirən və effektivliyini artıran elektron hərrac sistemi barədə də məlumat verilib. Bildirilib ki, cari il ərzində ümumilikdə 100 -dən artıq hərrac keçirilib, 500-ə yaxın dövlət əmlakı özəlləşdirilib.