“Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən təkliflər verilib.
Verilmiş təkliflərlə əlaqədar Mərkəzi Bank qüvvədə olan Qaydalarda bir sıra əlavələr və dəyişikliklər edib. Dəyişikiliklərin bəzilərini qeyd etmək istərdik:
Qaydaların 4.3.2-ci bəndinə “vasitəçilik” müqaviləsi əsasında xaricə ödəniş etməyin mümkünlüyü üzrə əlavənin edilməsi də ABA tərəfindən verilmiş təkliflərdən biri olub.
Təklifə əlavə kimi 4.3.2-1 bəndi əlavə edilib.
Bənd belədir: malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü ölkəyə göndərilməsi üzrə rezidentlərin və qeyri-rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələri.
Bu təklifə münasibət olaraq bildirilib ki, malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü ölkəyə göndərilməsi üzrə rezidentlərin və qeyri-rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələrin məbləği vasitəçinin müvəkkil bankdakı hesabına mal alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmamalı və vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilə (müqavilələr) banka təqdim edilməlidir.
Bəndin mahiyyətini bu cür izah edə bilərik:
Məsələn, hər hansı yerli şirkət 2 xarici ölkə arasında alğı-satqı zamanı vasitəçi olur. Bu zaman alınıb-satılması nəzərdə tutulan məhsullar Azərbaycana daxil olmadan 3-cü ölkənin ərazisinə keçirilir. Malı alan ölkə isə məbləği vasitəçi yerli şirkətə ödəyir, yerli şirkət isə ödənilən məbləğdən artıq olmayan məbləğ müqabilində vasitəçiliyi həyata keçirir.
Bu bənd əlavə edilməmişdən öncə isə malın birbaşa 3-cü ölkəyə getməsi nəzərəd tutulmamışdı.