Vergilər nazirinin əmri ilə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin və “Dövlət rüsumu haqqında” Qanunun tələblərindən irəli gələn məsələlərin həlli, eləcə də vergi nəzarətinin səmərəliliyinin artırılması, təhlil bazasının genişləndirilməsi məqsədilə bir neçə normativ sənəddə dəyişikliklər təsdiq edilib.
“Dövlət rüsumunun tutulması haqqında hesabat”, onun 2 nömrəli Əlavəsi və tərtib edilmə Qaydaları eləcə də “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinə Əlavə №–1”in tərtib edilməsi Qaydaları yeni redaksiyada təsdiq edilib. Yeni redaksiyaya əsasən, “Dövlət rüsumunun tutulması haqqında hesabat”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.7-ci maddəsində qeyd edildiyi kimi, dövlət rüsumunun tutulmasına və büdcəyə ödənilməsinə məsul olan şəxslər tərəfindən hesabat rübündən sonrakı ayın 20-dək vergi orqanına təqdim edilir.
Qeyd edək ki, “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinə Əlavə №–1”in tərtib edilməsi Qaydalarına əsasən, Əlavədə qeyd olunası məlumat olmadığı halda, yəni bəyannamənin müvafiq şətrlərində göstəricilər qeyd olunmayıbsa, Əlavə təqdim edilmir.