Vergi ödəyicilərinin sayı 27% artıb

Cari ilin yanvar-oktyabr aylarında ölkə üzrə cəmi 134 566 vergi ödəyicisi qeydiyyata alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28 961 vergi ödəyicisi və ya 27,4% çoxdur. Qeydiyyata alınanlardan 9864-ü hüquqi, 124 702-i fiziki şəxslərdir. Hüquqi şəxslərin qeydiyyatında artım 48,0% təşkil edir.

2017-ci ilin 10 ayı ərzində yeni qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş vergi ödəyicilərinin sayının cəmi fəaliyyətini dayandırıb və ləğv edilən vergi ödəyicilərinin sayının cəmindən 18 028 ədəd çoxdur, yəni biznes fəaliyyəti ilə məşğul olanların sayında əhəmiyyətli artım vardır.

Cari ilin ötən 10 ayı ərzində 9 864 hüquqi şəxs qeydiyyata alınıb, 6 499 hüquqi şəxs isə fəaliyyətini bərpa edib ki, bu da 2016-cı ilin müvafiq göstəricilərindən xeyli çoxdur.

2017-ci ilin yanvar-oktyabr ayları ərzində yeni qeydiyyata alınmış və fəaliyyətin bərpa etmiş hüquqi şəxslərin ümumi sayı ləğv edilib və fəaliyyətini dayandırmış hüquqi şəxslərin ümumi sayından 5 429 say çoxdur. Fiziki şəxslərə münasibətdə də eyni müsbət dinamika müşahidə olunur. Diqqətəlayiq haldır ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ötən 10 ayı ərzində ləğv edilmiş hüquqi şəxslərin sayı 47,2% azalıb.

Eyni dövr ərzində, hüquqi və fiziki şəxslərə məxsus olan, yeni qeydiyyata alınıb və fəaliyyətini bərpa etmiş obyektlərin ümumi sayı fəaliyyətini dayandırıb və ya ləğv edilmiş obyektlərin ümumi sayına nisbətən 17 291 say çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə obyektlərin ümumi sayı 14 864 say, yaxud 7.1 dəfə, o cümlədən hüquqi şəxslərə məxsus obyektlərin sayı 3 266 say və ya 3.6 dəfə, fiziki şəxslərə məxsus obyektlərin sayı isə 11 598 say və ya 11 dəfə artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır