May ayının 23-də Vergilər Nazirliyində vergi orqanlarına işə qəbul edilmiş gənc kadrlarla görüş keçirilib. Vergilər nazirinin 1-ci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov işə yeni qəbul olunmuş gəncləri təbrik edərək, onlara gələcək işlərində uğurlar arzulayıb.
Ümumilikdə, vergi orqanlarına işə qəbulla əlaqədar 2005-2017-ci illərdə 12 müsabiqə keçirilib, imtahanlarda 14 min nəfərdən çox namizəd iştirak edib. Müsabiqəni müvəfəqiyyətlə başa buran 1258 nəfər şəxs vergi orqanlarında işlə təmin edilib ki, bu da hazırda vergi orqanlarında xidmət edənlərin 53.5%-ni təşkil edir. İşə qəbulun müsabiqə əsasında təşkili nəticəsində vergi orqanlarında gəncləşmənin təmin edildiyini bildirən nazir müavini, hazırda vergi orqanlarında kadr potensialının mühüm hissəsini gənc və orta yaş qruplarından ibarət olduğunu vurğulayıb. Vergi orqanlarında xidmət keçən vəzifəli şəxslərin təxminən 47.3%-ni yaşı 35-dən az olan şəxslər təşkil edir. Rəhbər vəzifəli şəxslərə münasibətdə bu rəqəm 32.2%-dir.
Qeyd edək ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqədə iştirak üçün 4976 nəfər şəxsin müraciət edib, onlardan 92 nəfəri test mərhələsində, 83 nəfəri isə müsahibə mərhələsində uğur qazanaraq vergi xidməti orqanlarında işlə təmin olunmaq imkanı əldə edib. Həmçinin, indiyədək keçirilmiş müsabiqələr içərisində həm müraciət edənlərin, həm də namizəd kimi qeydə alınanların sayı baxımından ən yüksək göstərici məhz bu müsabiqələrdə müşahidə edilib.